XƏBƏRLƏR

SOCAR-la birgə elektrik stansiyası layihəsi üzrə növbəti addımlar Serbiyada müzakirə edilib

AVQUST 18, 2026

Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç "Elektroprivreda Srbije" (EPS), "Srbijagas" və Niş şəhər administrasiyasının nümayəndələri ilə Niş şəhəri yaxınlığında 500 MVt gücündə qaz elektrik stansiyasının tikintisi layihəsinin icrası üzrə növbəti addımları müzakirə edib, "Report" Serbiya KİV-lərinə istinadən xəbər verir.

Layihəyə hazırlıq çərçivəsində Rəhbər Komitə, layihə idarəetmə qrupu və beş texniki işçi qrupu yaradılıb, bütün iştirakçılar arasında koordinasiyaya başlanılıb.

Layihə üzrə ilkin texniki‑iqtisadi əsaslandırma hazırda Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə razılaşdırılır.

"Hazırkı mərhələdə ən vacib vəzifə EPS, Srbijagas və SOCAR arasında səhmdarlar müqaviləsini yekunlaşdırmaqdır. Bu sənəd birgə müəssisənin yaradılmasına imkan verəcək, layihənin kommersiya parametrlərini müəyyən edəcək və layihənin icrasında iştirak edən şirkətlərin məsuliyyətlərini müəyyənləşdirəcək", – deyə Handanoviç bildirib.

Görüşdə həmçinin zəruri sənədlərin hazırlanması, infrastrukturun inkişafı üçün investorların cəlb edilməsi və yeni elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması məsələləri müzakirə olunub.

Nazir vurğulayıb ki, Niş yaxınlığındakı qaz elektrik stansiyası Serbiya üçün strateji əhəmiyyət kəsb edən layihədir. Bu obyekt həm elektrik, həm də istilik enerjisi istehsal edəcək və tikintisinin 2030-cu ilədək başa çatdırılması nəzərdə tutulur.

"Bu, EPS, Serbiya Hökuməti və Azərbaycanın SOCAR şirkəti arasında ilk birgə layihə olacaq. Serbiya üçün bu layihənin həyata keçirilməsi enerji təhlükəsizliyinin gücləndirilməsi, istehlakçıların etibarlı təchizatı və ölkənin cənubunda sənaye inkişafı üçün əlavə imkanlar deməkdir", – deyə Handanoviç bildirib.

Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Niş yaxınlığında 350 MVt elektrik və 150 MVt istilik enerjisi gücündə qaz elektrik stansiyasının tikintisi haqqında saziş imzalayıblar. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri zamanı imzalanıb.

İyunun əvvəlində EPS və SOCAR Bakıda Nişdə qaz elektrik stansiyasının inkişafı, tikintisi və idarə olunması üçün əməkdaşlığın əsas şərtlərini imzalayıblar. Bu sənəd birgə müəssisənin yaradılmasının əsas prinsiplərini və layihənin əsas kommersiya parametrlərini müəyyən edib.

https://report.az/energetika/serbiyada-socar-la-birge-layihe-uzre-novbeti-addimlar-muzakire-edilib