“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılmışdır.
Eyni zamanda, 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir və ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.
Bundan əlavə, 2021-ci il 10 iyun saat 00:00-dan dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla), iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla), yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu və ya sertifikatı olan şəxslər üçün idman və sağlamlıq-bərpa obyektlərinin, çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti bərpa edilir.
Bu Qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarı