XƏBƏRLƏR

Azərbaycan və ABŞ-nin "Brookfield Asset Management" şirkəti arasında enerji keçidi və enerji saxlancı, bərpa olunan enerji məsələləri nəzərdən keçirilib.

SENTYABR 28, 2026

Azərbaycanla ABŞ-nin "Brookfield Asset Management" şirkəti arasında enerji keçidi, enerji saxlanc sistemləri və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində şirkətin baş icraçı direktoru Konor Teski ilə keçirdiyi görüşlə bağlı məlumat verib.

Görüş zamanı "Brookfield Asset Management"in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınaraq, Azərbaycanda investisiya üçün potensial yaradan sahələr və mümkün layihələr ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, rəqəmsal infrastruktur və digər istiqamətlərdə investisiya imkanlarının araşdırılması məsələləri diqqət mərkəzində olub.

M. Cabbarov forum çərçivəsində "Vista Equity Partners" şirkətinin təsisçisi və sədri Robert F. Smith ilə də görüş keçirib. Tərəflər Azərbaycanın investisiya potensialını, ölkədə həyata keçirilən iqtisadi islahatları və xarici investorlar üçün yaradılan imkanları müzakirə ediblər.

Görüşdə qlobal maliyyə bazarlarında formalaşan yeni imkanların Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb olunmasına təsiri və bu istiqamətdə yaranan perspektivlər də nəzərdən keçirilib.

Bundan əlavə, qarşılıqlı maraq doğuran yeni investisiya sahələri, eləcə də Azərbaycanla "Vista Equity Partners" arasında əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

https://report.az/energetika/socar-abs-sirketi-ile-enerji-kecidi-ve-enerji-saxlanci-meseleleri-nezerden-kecirib