XƏBƏRLƏR

BP “Dərinsulu Günəşli” yatağında yeddi sualtı quyuda müdaxilə işlərini başa çatdırıb.

SENTYABR 28, 2026

BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Dərinsulu Günəşli” sahəsində həyata keçirdiyi çoxquyulu sualtı müdaxilə kampaniyasını uğurla tamamlayıb.

Şirkətin vitse-prezidenti R. Morris bildirib ki, kampaniyaya ötən ilin oktyabrında başlanılıb və bütün planlaşdırılan işlər təhlükəsizlik tələblərinə tam riayət edilməklə başa çatdırılıb. Əməliyyatın nəzərdə tutulandan təxminən bir ay əvvəl yekunlaşdırıldığı qeyd olunub.

Kampaniya çərçivəsində ənənəvi üsullarla çıxışı çətin olan yeddi sualtı quyuya müdaxilə edilib. İşlərin tamamlanması nəticəsində quyuların daha səmərəli monitorinqi, lay təzyiqinin idarə olunması və hasilatın artırılması üçün yeni imkanlar müəyyənləşdirilib.

Layihənin əsas xüsusiyyətlərindən biri BP-nin Xəzərdəki əməliyyatlarında quyuya dikborusuz yüngül müdaxilə (RLWI) texnologiyasının ilk dəfə tətbiq edilməsidir. Bu məqsədlə “Xankəndi” sualtı tikinti gəmisi qısa müddət ərzində yüngül quyu müdaxilə gəmisinə (LWIV) çevrilib.

Gəmidə “moonpool” sisteminin quraşdırılması və ilk dəfə istifadəyə verilməsi layihənin mühüm elementlərindən olub. Sistem sualtı avadanlıqların, uzaqdan idarə olunan sualtı aparatların və müdaxilə alətlərinin dəniz dibinə təhlükəsiz şəkildə endirilməsinə imkan yaradıb.

Əməliyyatlarda “Oceaneering” şirkətinin BORIS (“Blue Ocean Riserless Intervention System”) sistemi də istifadə olunub. Təxminən 50 ton ağırlığında olan sistem ənənəvi qazma avadanlığına ehtiyac olmadan sualtı quyulara müdaxiləyə imkan verib və əməliyyatlar zamanı quyu nəzarətinin, təzyiqin saxlanılmasının və sualtı idarəetmənin təmin edilməsində mühüm rol oynayıb.

R. Morris qeyd edib ki, layihə BP və əsas podratçıları – “Saipem”, “Oceaneering” və SLB-nin mühəndislik, sualtı texnologiyalar, gəmi əməliyyatları, logistika və quyu xidmətləri üzrə təcrübəsini bir araya gətirib.

Onun sözlərinə görə, layihə sualtı infrastruktura çıxış və onun idarə olunması üçün yeni yanaşmaları nümayiş etdirib. Bu təcrübənin Xəzərdə gələcək sualtı müdaxilə əməliyyatları üçün daha geniş imkanlar yaratdığı və AÇG kimi yetkin yataqlarda hasilat potensialının maksimum dərəcədə reallaşdırılmasına töhfə verə biləcəyi bildirilib.

 

https://report.az/energetika/bp-derinsulu-gunesli-de-yeddi-sualti-quyuda-mudaxile-emeliyyatlarini-yekunlasdirib