İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) ilə SOCAR-ın törəmə şirkəti “SOCAR Green” MMC arasında bərpa olunan enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş zamanı Azərbaycanda “yaşıl investisiyalar”ın cəlb olunması, həmçinin bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi zamanı yaranan risklərin azaldılması məqsədilə sığorta mexanizmlərindən istifadə imkanları nəzərdən keçirilib. Müzakirələr ICIEC-nin baş direktoru Xalid Xələfalla “SOCAR Green”in baş direktoru Elmir Musayev arasında keçirilən görüşdə aparılıb.
Tərəflər mümkün əməkdaşlıq istiqamətlərini, o cümlədən ICIEC tərəfindən siyasi risklərə və ödəniş öhdəliklərinin yerinə yetirilməməsinə qarşı sığorta alətlərinin tətbiqini müzakirə ediblər. Bu mexanizmlərin investisiyaların cəlb edilməsinə, layihələr üzrə risklərin azaldılmasına və bankların yaşıl layihələri maliyyələşdirməsində dayanıqlığın gücləndirilməsinə dəstək verəcəyi bildirilib.
ICIEC qeyd edib ki, nəzərdə tutulan əməkdaşlıq Azərbaycanın bərpa olunan enerjinin inkişafı üzrə prioritetləri və SOCAR-ın ekoloji strategiyası ilə uyğunluq təşkil edir.
https://report.az/energetika/azerbaycanda-yasil-investisiya-risklerinin-sigortalanmasi-muzakire-edilib