“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (Absheron FFD) layihəsi yekun investisiya qərarının (FID) qəbuluna yaxın mərhələyə çatıb. Layihə üzrə ümumi kapital qoyuluşunun təxminən 4,2 milyard ABŞ dolları olacağı gözlənilir.
İşlənmə proqramına 4 sualtı hasilat quyusunun qazılması, uzunluğu təxminən 142 kilometr olan çoxfazalı dəniz boru kəmərinin çəkilməsi və Səngəçal ərazisində yeni qaz emalı infrastrukturunun yaradılması daxildir. Layihənin plato mərhələsində illik qaz hasilatının təxminən 4,5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlk təbii qazın isə 2029-cu ildə hasil edilməsi planlaşdırılır.
B. Hüseynov layihənin hazırlanması, müqavilə məsələlərinin həlli və investisiya öncəsi mərhələdə qarşıya çıxan maneələrin aradan qaldırılmasında SOCAR-ın və onun “SOCAR Upstream Management International” (SUMI) bölməsinin, eləcə də kommersiya və hüquq strukturlarının mühüm rol oynadığını bildirib. O, həmçinin SOCAR tərəfindən təsdiqlənən dördüncü şərq quyusunun layihəyə əlavə edilməsinin əhəmiyyətini vurğulayıb.
Yataqda qazın hasilat göstəricisinin 60 %-dən yüksək olacağı proqnozlaşdırılır ki, bu da beynəlxalq sənaye standartlarına uyğun hesab olunur. B. Hüseynovun sözlərinə görə, əsas məqsəd 2029-cu ildə ilk qazın hasilatına nail olmaqdır. O, “TotalEnergies”in layihəni təhlükəsizlik tələblərinə uyğun, müəyyən edilmiş müddət və təsdiqlənmiş büdcə çərçivəsində həyata keçirəcəyinə, SOCAR-ın isə zəruri dəstəyi davam etdirəcəyinə ümid etdiyini bildirib.
Layihənin 2-ci Fazası çərçivəsində plato mərhələsində gündəlik 12,7 milyon kubmetr qaz və 35 min barel kondensat hasilatı planlaşdırılır. Bu göstəricilər 1-ci Fazada əldə olunan hasilat həcmlərinə əlavə olacaq.
“Abşeron” yatağı 1960-cı illərdə azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib. Yatağın qaz ehtiyatları təxminən 350 milyard kubmetr qiymətləndirilir və bu göstərici ilə yataq Xəzər dənizində “Şahdəniz”dən sonra ikinci ən böyük qaz yatağı hesab olunur.
“Abşeron”un işlənməsi üzrə müqavilə 2009-cu ildə SOCAR və Fransanın “Total” şirkəti arasında imzalanıb. 4 avqust 2023-cü ildə Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) layihədə 30 %-lik pay əldə etməsi ilə bağlı saziş imzalanıb. Hazırda SOCAR və “TotalEnergies” layihədə 35 %-lik paya malikdir.
https://report.az/energetika/abseron-yataginin-islenmesi-ucun-4-2-milyard-dollarliq-sermaye-teleb-olunacaq