Qlobal iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşdığı, enerji və nəqliyyat bağlantılarının şaxələndirilməsinin əhəmiyyət qazandığı bir şəraitdə Cənubi Qafqazda yaranan yeni reallıqlar regional əməkdaşlıq, ticarət və investisiyaların genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Energetika naziri Pərviz Şahbazov bu barədə Afinada Azərbaycan və Yunanıstan hökumətləri arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçivəsində keçirilən Azərbaycan-Yunanıstan biznes forumunda çıxış edərkən bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat bağlantılarının, logistika və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirilən siyasət ölkənin investisiya cəlbediciliyini artırıb. Qeyd olunub ki, qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-i ötüb, son 20 ildə isə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb.
Pərviz Şahbazov Azərbaycanın yalnız kapital cəlb etməkdə deyil, yeni texnologiyalar, bilik və təcrübə gətirən, eyni zamanda istehsal və ixrac imkanlarını genişləndirən uzunmüddətli investisiya tərəfdaşlıqlarının qurulmasında maraqlı olduğunu vurğulayıb.
Yunanıstan biznesi üçün enerji, yaşıl enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, sənaye və istehsal, kənd təsərrüfatı, qida emalı və turizm əsas əməkdaşlıq istiqamətləri kimi təqdim olunub. Cənub Qaz Dəhlizi çərçivəsində formalaşmış enerji tərəfdaşlığının yaşıl enerji layihələri və yeni enerji bağlantıları hesabına genişləndirilməsi imkanları da diqqətə çatdırılıb.
Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin artan rolu vurğulanıb. Bildirilib ki, Azərbaycanın strateji coğrafi mövqeyi ilə Yunanıstanın liman və dənizçilik imkanlarının birləşdirilməsi Şərq-Qərb nəqliyyat bağlantılarının Aralıq dənizi və Avropa bazarlarına çıxışını genişləndirə bilər.
Bununla yanaşı, rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur, sənaye və istehsal sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Ələt Azad İqtisadi Zonası, sənaye parkları və müasir logistika infrastrukturu Yunanıstan şirkətləri üçün Azərbaycanda istehsal imkanlarının yaradılması və regional bazarlara çıxış baxımından əlverişli platformalar kimi təqdim edilib.
Yunanıstan şirkətləri Azərbaycanın investisiya imkanlarından yararlanmağa, yeni layihələr həyata keçirməyə və uzunmüddətli tərəfdaşlıqlar qurmağa dəvət olunub. Bildirilib ki, forumun iki ölkə arasında qarşılıqlı investisiyaların artırılmasına və iqtisadi əməkdaşlığın konkret layihələrlə genişləndirilməsinə töhfə verməsi gözlənilir.
AZPROMO və Enterprise Greece-in təşkilatçılığı ilə keçirilən biznes forumunda Azərbaycan və Yunanıstandan 90-dan çox şirkət iştirak edib. Tədbir şirkətlər arasında B2B görüşlərlə davam etdirilib.
Pərviz Şahbazov daha sonra bildirib ki, forum çərçivəsində Azərbaycanın investisiya imkanları təqdim olunub və enerji, yaşıl enerji bağlantıları, nəqliyyat və logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə biznes və investisiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
https://report.az/energetika/yunanistan-biznesi-azerbaycanin-investisiya-muhitinden-yararlanmaga-devet-edilib