XƏBƏRLƏR

“Qarabağ” yatağında seysmik məlumatların emalı üçün SLB ilə müqavilə imzalanıb

OKTYABR 16, 2026

BP şirkəti Xəzər dənizində yerləşən “Qarabağ” yatağının işlənməsi layihəsi çərçivəsində neft-servis şirkəti SLB ilə seysmik məlumatların emalı üzrə müqavilə bağlayıb.

Müqavilə BP-nin operatoru olduğu Xəzər dənizindəki digər neft-qaz layihələri üzrə SLB ilə daha əvvəl imzalanmış iki sazişin davamı kimi qiymətləndirilir.

SLB bildirib ki, şirkətin regiondakı geniş təcrübəsi və Azərbaycanda uzunmüddətli fəaliyyəti yüksək keyfiyyətli təsvirlərin əldə edilməsi və yataqlar barədə praktiki biliklərlə birlikdə Xəzər hövzəsində seysmik kəşfiyyat üzrə qabaqcıl standartların formalaşmasına töhfə verir.

Qeyd edək ki, BP 2025-ci ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə “Qarabağ” yatağının işlənməsi layihəsində 35%-lik iştirak payının əldə edilməsinə dair saziş imzalayıb. Layihədə SOCAR-ın payı 65% təşkil edir.

BP “Qarabağ” yatağı üzrə yekun investisiya qərarını 2027-ci ilin ortalarına qədər qəbul etməyi planlaşdırır.

“Qarabağ” yatağı Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, 150-200 metr dərinlikdə yerləşir. İlkin hesablamalara görə, yatağın geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur. Bunun 21 milyon ton neft və 13 milyard kubmetr qazının çıxarıla biləcəyi ehtimal olunur.

 

https://report.az/energetika/qarabag-yataginda-seysmik-melumatlarin-emali-ucun-slb-i-ile-muqavile-imzalanib