“Hörmətli vətəndaş, sizin əmlakınız yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Bu səbəbdən də elektrik enerjisi təchizatı ilə bağlı müraciətinizə imtina verilir”.
Son illər elektrik enerjisi təchizatı ilə bağlı müraciət edən bir çox insanların aldığı cavablar ya belə, ya da buna oxşar olur. Amma aparılan işlər nəticəsində azad edilmiş ərazilərdə məskunlaşacaq vətəndaşlarımız bu problemdən uzaq olacaqlar. Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda ilk dəfə olaraq məhz işğaldan azad edilmiş ərazilərdə izolyasiyalı və mühafizə olunan yüksəkgərginlikli elektrik kabellərinin çəkilişini həyata keçirir. Son texnoloji nailiyyətlər əsasında hazırlanan bu kabellərin mühafizə zonası demək olar ki, yoxdur. Amma ənənəvi 35 kV-luq çılpaq naqillərlə çəkilmiş elektrik verilişi xətlərinin mühafizə zonası 30 metrdən artıq olur.
İlk dəfə olaraq azad edilmiş ərazilərdə bu kabellərdən istifadə etməklə Azərbaycan MDB məkanında da bir ilk imza atmış oldu.
Sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan və 44 gündən sonra müzəffər Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatan Vətən müharibəsi regionun və dünyanın siyasi və iqtisadi xəritəsində əhəmiyyətli dəyişiklik etdi.
Qələbədən dərhal sonra azad edilmiş torpaqlarımızda başlanan yenidənqurma və bərpa işlərinə bütün dövlət və özəl sektorun qoşulmasını əsl birliyin göstəricisi idi. Məhz bu birliyin bariz nümunəsi olaraq ölkədə aparılan enerji siyasətinin tərkib hissəsi kimi həmin ərazilərdə elektrik enerjisi infrastrukturunun yenilənməsi və bərpası işlərini də göstərmək olar.
Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı artıq bir sıra yarımstansiyaların açılışı həyata keçirilib. Belə ki, vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektriki enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik “Güləbird” Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, Füzulu və Şükürbəyli yarımstansiyalarının açılışının edilməsi proseslərin hansı sürətlə aparıldığını göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev apreldə Dövlət Televiziyasına verdiyi müsahibəsində bildirmişdi ki, 2021-ci ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun qurulması yekunlaşacaq.
Prezident qeyd edib ki, bununla paralel olaraq, əsas infrastruktur layihələrinə də start verilib:
“Azad edilmiş ərazinin elektrik təchizatı hesab edirəm ki, bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3 500 metrə çatır və hələ ki, hava şəraiti o qədər də münasib deyil, qar əriməyib”.
10 Noyabr Bəyannaməsinin imzalanmasından cəmi 1 ay sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın Azərbaycan işığı ilə təchiz edilməsini bacaran “Azərişıq” bu məsuliyyətli işin də öhdəsindən gəlmək üçün maksimum səylə fəaliyyət göstərir.
https://report.az/energetika/azad-edilmis-erazilerde-enerji-siyaseti-tehlil/